in , ,

Kişi ginekoloq: ginekologiyanın kişi ya qadın sənəti olması barədə sual vermək yanlışdır. Çünki…

Elə xəstəm olub ki, son anda utanıb stoldan düşüb”.

Xəstələrini geniş, işıqlı otaqda qəbul edir. Onun fikrincə, həkim yanına gələn xəstə özünü rahat hiss etməlidir, xüsusi ilə də kişi ginekoloqun. Rəşad Sultan İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Qadın Xəstəlikləri və Doğum Kafedrasında uzmanlıq keçib. Deyir, ginekologiyanın kişi, ya qadın sənəti olması barədə sual vermək yanlışdır. Çünki…

– Bəzi fikirlər, anlayışlar illərlə insan beyninə oturub. Ondan uzaqlaşa bilmirlər. Həkimin kişisi, qadını olmaz. İyirmi birinci əsrdə bu söhbəti eləmək bizə yaraşmaz. Avropaya inteqrasiya etməyə çalışan cəmiyyətin geriyə dönüb belə bir söhbət aparmağı gülməlidir.

Savadsız adamlar olan mühitdə “ginekoloqam” deyəndə çox təəccüblə qarşılayırlar. “Kişi ginekoloq da olur” deyə sual verirlər. Eləsi də var deyir ki, bəxtəvər, bütün günü qadınlarla işləyirsən.

– Gələcəkdə peşəniz sizə problem yaratmaz ki? İşiniz sırf qadınlarla olduğundan qısqana bilərlər…

– Məncə, ən az qısqanılacaq adam elə kişi ginekoloqdur. Düşünün, adam hər gün bu işin içindədir. Sırf cinsi orqan olaraq zamanla qadına qarşı maraq azalır. Amma qadını məhz cinsi obyekt kimi tanımırıq ki?! Qadın qadınlığını saxlayır.

Deyir, qadınlar 2 səbəbdən kişi ginekoloqdan qaçırlar.

– Əvvəla, şüurlu şəkildə kişi həkimə görünmək istəmirlər. Elə qadın var, ölərəm, amma kişi ginekoloqa getmərəm deyir. İkinci səbəb isə şüuraltıdır. Utanma hissi. Qadının özündən asılı deyil. Utanma hissini özümüz idarə edə bilmirik. Müayinə olmaq istəyirlər. Lakin utanırlar. Amma elə deyil. Ağır vəziyyətə düşəndə utanmaq adamın yadından çıxır. Məsələn, başqa, özü də qadın ginekoloqun xəstəsində qanaxma olanda kömək etmək məcburiyyətində qalırıq. Həmin vəziyyətdə qadın heç demir ki, kişi ginekoloq mənə baxmasın. Yaxud qeysəriyyə əməliyyatı olan qadınlarımız var. Ətrafında kişi anestizioloqlar olur. Heç demir ki, mənim anestizioloqum qadın olsun. Bəlkə min xəstədən biri deyə, ya yox. Tamamən məntiqsiz bir şeydi. Apendisit əməliyyatını kişi edir də, qeysəriyyəni niyə etməsin? Kəsiklər bir-birinin yanındandır. Eyni bölgədədir. İlk andan etibarən elə bir atmosfer yaratmağa çalışıram ki, qadın qarşındakının kişi yox, həkim kimi görsün. Otağın quruluşu belə nəzərə alınıb ki, xəstə özünü narahat hiss etməsin. Bir an belə ağlına gəlməsin ki, həkim kişidi. Elə xəstəm olub ki, son anda utanıb stoldan düşüb. Təkid etmək olmaz. Xəstənin icazəsi olmadan onu müayinə etməyə ixtiyarımız yoxdur. Ancaq məsləhət görə bilərik.

– Deyirlər, qadınları anlamaq çətindir. Sizcə də belədir?

– Kişilərdə bir hormon var. Qadının iki: estrogen və progestiron. Qadınların ruh halı özlərindən asılı olmadan hormonların təsiri altında dəyişə bilir. Estogen hormon yaxşı əhval-ruhiyə, progestiron isə sinirli, qıcıqlıq və yuxuluq yaradır. Bir ay ərzində bu hormonlar növbələşir. 14 gün estrogen hakim olur, 10 gün progestiron. Son 4 gün hormonsuz bir dövr olur. Bu vaxt qadın depressiyaya düşür. Aybaşı olandan sonra estogen hormonlar sintez olunmağa, yaranmağa başlayır. Qadının əhvalı düzəlir.

– El arasında müəyyən problemləri olan qızlara deyirlər ki, ərə getsin, düzələcək.

– Ərə getmək də, hamilə qalmaq da müalicə vasitəsi deyil ki, reseptə yazasan gündə iki dəfə qəbul elə. Absurd fikirdi. Ümumiyyətlə, belə şey yoxdur ki, ərə gedəndən sonra qızda tüklənmə azaldı, yaxud hamilə qalandan sonra filan xəstəliyi sağaldı. Ərə getmək ancaq psixoloji olaraq müsbət təsir göstərə bilər, həyat tərzi, hərəkət aktivliyi, yuxu rejimi dəyişə bilər. Cinsi həyat instinktdir. Çoxalma instinktin tərkib hissəsidir. Hər bir canlı da instinktlərini həyata keçirməyə çalışır. Qarışqa da, bitki də, heyvan da, insan da. Canlı instinktini həyata keçirə bilməyəndə, onda davranış pozğunluğu yaranır. Yemək yemək də instinktdir. Ac adam niyə acıqlı olursa, cinsi həyatı olmayanda elə acıqlı olacaq.

– Sırf oğlum olsun deyə gələnlər olur?

– O qədər… Belə xəstələri qapıdan qovuram. İnsan necə övladları arasında fərq qoya bilər?! Maddi rifahları yaxşıdırsa, elə bilirlər ki, həyatda hər şeyi pulla həll etmək olar. Başa düşmürlər ki, uşağın cinsiyyətinin formalaşmasında həkimin, hətta qadının da rolu yoxdur. Kişidə olan iki xromosomlardan hansı tutdu tutdu. Y xromosom yumurtanı mayalandırsa, oğlan olacaq, X xromosom mayalandırsa, qız. Onun hansının mayalandıracağını qabaqcadan müəyyən etmək mümkün deyil.

– Mətbuatda cürbəcür yazılar oxuyuruq ki, oğlan övladınızın olması üçün müxtəlif qidalanma var. Nə qədər realdı bu?

– Banan yeməklə, qatıq yeməklə, ayın hansısa bir günü cinsi əlaqədə olmaqla bu iş olan deyil. Bir milyon spermatozoid tökülür cinsiyyət yollarına. Onlardan hansının mayalandıracağını nə təqvim təyin edə bilər, nə banan. Tamamən təsadüfi bir şeydir. Yumurta hüceyrəsi qalır spermatozoidlərin arasında. Hansı mayalandırdı, odur.

– Düzdür ki, ilk uşağı abort etdirəndən sonra sonsuzluq yaranır?

– Birbaşa əlaqəsi yoxdur, dolayı yolla səbəb ola bilər. Necə? Abortdan sonra uşaqlıq borularında, uşaqlıq daxilində sonrakı hamiləliyə mane olacaq proseslər gedərsə. Abortun pisi, yaxşısı olmur. Texnikası standartdır. Tibbi şəraitdə, steril formada keçirilən abort dünyanın ən inkişaf etmiş ölkəsində də, ən ucqar kəndə də eynidir.

– Kəskin aybaşı sancıları olan qadınlarımıza el arasında deyirlər ki, bir uşaq doğ, sancın keçəcək.

– Aybaşı sancılarının elmi adı dismenoreyadır. Birincili və ikincili olur. Birincili dismonereyada ilk aybaşılardan başlayır. Qanda prostaqlandin hormonlarının miqdarı çox olanda sancı da çox olur. Bunun konkret səbəbi yoxdur. Kimisində çox ifraz olunur, kimisində az. Ağrı kəsici dərmanlar məsləhət görürük. Bu dərmanlar qanda prostaqlandin hormonlarının sintezini azalda bilir. Sadəcə dərmanı ağzı başlayan kimi qəbul etmək lazımdır. Bu zaman sancı da azalır. İkincili dismenoreya səbəbi olan dismenoreyadır. Bunun da ən çox səbəbi olur endometrios. İkinci səbəb keçirilmiş infeksiyalardır. Üçüncü səbəb isə çanaq boşluğunda keçirilmiş əməliyyatlar nəticəsində əmələ gələn bitişmələrdir. Ola bilsin ki, ilk doğuşdan sonra bu sancılar azala. Bu da sadəcə yaşla əlaqədar ola bilər. Qadın yaşa dolduqca qanda prostaqlandin sintezi azalır.

lent.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Kişilərin saqqal saxlama səbəbini paytaxt sakinləri açıqlayıb

Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq