in ,

Xallılara XƏBƏRDARLIQ : bunları öyrənib, həkimə gedin!

Şəninə mahnılar qoşulan, hətta gözəlləşmək üçün qızlarımızın süni şəkildə qoydurduqları xallar haqda nə bilirik? Xalların bədənimizin hər hansı bir hissəsində çox olub-olmamağı sizi qorxudurmu?

Xallar necə əmələ gəlir?

Xallar bədənin hər yerində rast gəlinən, daha çox qəhvəyi rəngdə, oval, ya da yumru şəkildə nöqtələrdir. Bu kiçik nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Xalların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır. Amma insanın yaşadığı müddətcə xalların əmələ gəlməsi və yoxa çıxması normal haldır.

Qeyd etdiyimiz kimi, xallar bədənin istənilən yerində çıxır. Amma fərqli görünüşdə və rəngdə də ola bilir. Çəhrayıya bənzər, açıq qəhvəyi, qəhvəyi, hətta bəzən mavi-qara rəngdə də ola bilirlər. Görünüşləri isə adətən oval, yuvarlaq, qabarıq və ya düz, tüklü və ya tüksüz olur.

Çox zaman ziyillərlə ət xallarını qarışıq salırlar. Ət xalları adətən boyun ətrafında, qoltuq altında əmələ gəlir, hətta getdikcə çoxala, sayı 50-60-a çata bilir, amma yaş irəlilədikcə bu cür xalların yox olma ehtimalı çoxdur. Ümumiyyətlə, ət xallarından qurtulmaq üçün müasir tibbdə xüsusi metodlardan istifadə olunur. Amma ət xalların insan səhhəti üçün heç bir qorxusu yoxdur. Ağ dərili insanlarda yaşlandıqca ət xallarının artması ehtimalı çoxalır, hətta dermotoloqlar ət xallarını çəkinin çox olması ilə də əlaqələndirirlər.

Xallar aşağıdakı kimi sıralanır:

Sərhəd xalları – Böyük olmayan, tünd rəngli və azacıq qabarıq olan xallardır. Bədənin bütün hissələrində əmələ gələ bilər.

Ağır nevo-hüceyrə xalları – Tünd narıncı-qəhvəyi, kifayət qədər dərinin üzərində qabarıq şəkil almış xallardır. Xaldan bəzən tüklər də yetişə bilir. Belə xallar adətən yeniyetmə yaşlarında meydana gəlir və 60 yaşına kimi yoxa çıxır. Əgər xalın yeri ağrayır və qaşınırsa, bu zaman mütləq dermotoloqa müraciət etmək lazımdır.

İntradermal xallar – Bu növə əsasən yaşlı insanlarda meydana gələn bütün xallar aid edilir.

Qalo xallar – Dərinin solğun bir hissəsi ilə əhatə olunmuş xallar belə adlanır. Xalın ətrafında belə bir solğun hissənin yaranması bir qayda olaraq zərərsiz dəyişkənlikdir və təhlükəli bir şeydən xəbər vermir.

Monqol xallar – Körpələrin dərisində əmələ gəlmiş böyük göy hissələr də xalların bir növüdür. Bunlara çox az halda rast gəlinir. Təqribən 5 yaşa qədər həmin xallar bədəndən yox olur.

Günəş şüalarının təsiri zamanı əmələ gələn çillər xallara aid edilmir. Çillər daha çox günəşlə təmasda olan hissələrdə əmələ gəlir. Onlar ləkə hesab olunur, qorunmaq məqsədilə isə daha çox qoruyucu kremlərdən istifadə olunması kifayət edir.

Bir də daha çox yaşlı insanlarda rast gəlinən qəhvəyi rəngli ləkələr olur ki, bunlar da xal adlanmır. Lakin bu lentiqo adlandırılan ləkələr əgər üzdə əmələ gəlibsə və diametri 2 santimetrdən çoxdursa, o zaman həyəcan təbili çalmaq lazımdır.

Xallar nə zaman təhlükəlidir?

Xallar adətən insan səhhətinə mənfi təsir göstərməz. Lakin bir xalın görünüşü, forması sürətli şəkildə dəyişirsə, qanayır və qaşınırsa, o zaman melanoma olma ehtimalı yaradır. Melanoma – ən çox yayılmış dəri xərçəngi xəstəliyidir. Bu xəstəlik öncədən normal olmuş xaldan əmələ gələ bilir. Belə ki, bu cür hallar ümumi dəri xərçəngi xəstələrinin çoxunda müşahidə olunur. Digər hallar isə mübahisəli olaraq qalır. Alimlər ehtimal edirlər ki, buna səbəb dərinin DNT hüceyrələrinin ultrabənövşəyi şüalanma ilə zədələnməsi ola bilər. Melanoma aşkarlandığı halda xalın çıxarılması lazım ola bilər. Xal çıxarıldıqdan sonra mütləq mikroskopik müayinə aparılmalıdır. Xalın çıxarılması və ya bir hissə götürülməsi xərçəng əmələ gətirməz, əksinə, əgər xərçəngdirsə, vaxtında diaqnoz qoyulub müalicə oluna bilər.

Xalq arasında inanılan “bıçaq dəyərsə, xərçəng olar” fikri də doğru deyil. Bəzən xallar insanların xarici görünüşünü korlayır deyə də götürülə bilər. Bəzi alimlər isə xalların müalicəsi zamanı lazer, elektrokatarizasiya (yandırma) və ya kriyoterapiya (dondurma) kimi üsullarla razılaşmırlar. Hətta xallar üçün solyarium da təhlukəli hal kimi vurğulanır. Saqqal hissəsində olan xallar bəzən ehtiyatsızlıqdan təraş zamanı kəsilə bilər, bax, bu zaman da təhlükəli ola bilər. Bəzən insanlar xalların üstündə olan tüklərdən narahat olurlar və onları çıxarmaq üçün cəhdlər edirlər, tük uzandıqca çıxarır, ya da lazerə müraciət edirlər. Ümumiyyətlə, həkimlər bu cür halları təhlükəli sayırlar.

Xalların təhlükəliliyini müəyyənləşdirmək məqsədilə qaydalar var. ABCD (ingilis hərfləri ilə) kimi sıralanan qaydalar belədir:

A: Asimetri – xalın bir tərəfi o biri tərəfinə bənzəmirsə, həm rəng, həm də ölçü olaraq.

B: Border –xalın kənarlarının səliqəsiz olması, yəni girintili-çıxıntılı olması.

C: Color –xalın bir rəngdə olmaması, qəhvəyi, qırmızı, bənövşəyi, ağ kimi rənglərin iki və daha çoxunun bir xalda görülməsi.

D: Diametr –xalın diametrinin 6 mm-dən böyük olması.

 

Bəli, ABCD kimi sıralanan bu xüsusiyyətlərə malik xalınız varsa, mütləq həkim-dermotoloqa müraciət edin. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Mixəyin müalicəvi xüsusiyyətləri

6 dəqiqəyə cemli rulet!